Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir
Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar
Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər
Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi)
Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər
Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən
Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”
Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq
Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik
Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər
Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik
Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir
Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar
yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər
Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik
Onları qovulmuş hər bir şeytandan qoruduq
Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik
Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk
Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz
Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik
Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik
Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir
Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq
Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam
Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
Mələklərin hamısı ona səcdə etdilər
Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi
Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun
Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”
İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”
Allah dedi: “Sən möhlət verilənlərdənsən
Ancaq məlum vaxtın gününə qədər”
İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam
Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”
Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur
Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”
Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir
Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur
Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar
Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar
Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar
Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm
Əzabım isə ağrılı-acılı əzabdır
Onlara İbrahimin qonaqları barəsində də xəbər ver
O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!”– dedi
Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər
İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik
yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik
Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”
Elçilər Lut əhlinin yanına gəldikdə
o dedi: “Siz yad adamlarsınız!”
Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik
Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq
Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”
Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək
Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər
Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin
Allahdan qorxun və məni hörmətdən salmayın!”
Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”
O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”
(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər
Günəş doğanda qorxunc səs onları yaxaladı
Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq
Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır
Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar
Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır
Əykə əhli də zalım idi
Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi
Hicr əhli də elçiləri yalançı saydı
Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər
Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular
Onları sübh çağı qorxunc səs yaxaladı
Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla
Həqiqətən, Rəbbin Yaradandır, Biləndir
Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik
Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik
Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər)
Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
törətdikləri əməllər barəsində
Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir
Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik
O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər
Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik
Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol