16.The Bee

  1. Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır
  2. Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”
  3. Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır
  4. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi
  5. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz
  6. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz
  7. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir
  8. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır
  9. Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi
  10. Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür
  11. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır
  12. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır
  13. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır
  14. O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür
  15. O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı
  16. Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər
  17. Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi
  18. Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir
  19. Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir
  20. Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar
  21. Onlar ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər
  22. Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər
  23. Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir
  24. Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”– deyərlər
  25. Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir
  26. Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi
  27. Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!”
  28. Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”– deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir
  29. Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”
  30. Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmişdir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir
  31. Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır
  32. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”
  33. Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər
  34. Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri əzab onları ağuşuna aldı
  35. Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” Bəli, onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi
  36. Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu
  37. Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, bil ki, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz
  38. Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər
  39. Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər
  40. Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur
  41. Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər
  42. Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir
  43. Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri elçi göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun
  44. Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr
  45. Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi
  46. Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allahdan yaxa qurtara bilməyəcəklər
  47. Yaxud vahimə içində olduqları halda Allahın onları yaxalamayacağınımı düşünürlər? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir
  48. Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir
  49. Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar
  50. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər
  51. Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!”– dedi
  52. Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz
  53. Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız
  54. Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur
  55. Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz
  56. Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız
  57. Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər
  58. Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır
  59. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir
  60. Yaramaz sifət axirətə inanmayanlara xasdır. Ən Uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Müdrikdir
  61. Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər
  62. Onlar özlərinin xoşlamadıqları qızları Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar orada tərk olunacaqlar
  63. Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır
  64. Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və bu, mömin adamlar üçün doğru yol göstəricisi və mərhəmət olsun
  65. Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır
  66. Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik
  67. Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır
  68. Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör
  69. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır
  70. Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir
  71. Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər
  72. Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər
  73. Müşriklər Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayan bütlərə ibadət edirlər
  74. Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz
  75. Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir
  76. Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi
  77. Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir
  78. Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz
  79. Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır
  80. Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi
  81. Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız
  82. Əgər üz çevirsələr, bil ki, sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır
  83. Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir
  84. Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzrxahlıq etməyə izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır
  85. Zalımlar əzab çəkməyə başladıqda, onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir
  86. Müşriklər Allaha qoşduqları şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” Bütlər isə onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar
  87. O gün müşriklər Allaha təslim olduqlarını bildirəcək və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar
  88. Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq
  89. O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik
  90. Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız
  91. Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir
  92. İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir
  93. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız
  94. Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar
  95. Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan savab sizin üçün daha xeyirlidir
  96. Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik
  97. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq
  98. Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın
  99. Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur
  100. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir
  101. Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir
  102. De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”
  103. Biz onların: “Quranı ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir
  104. Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır
  105. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar
  106. Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır
  107. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir
  108. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər
  109. Heç şübhəsiz ki, ziyana uğrayanlar da onlardır
  110. Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir
  111. O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir
  112. Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü
  113. Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. Buna görə də zülm etdikləri zaman əzab onları yaxaladı
  114. Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin
  115. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir
  116. Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar
  117. İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir
  118. Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər
  119. Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, bütün bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək
  120. Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi
  121. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi
  122. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir
  123. Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”
  124. Şənbə günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir
  125. İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır
  126. Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir
  127. Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma
  128. Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir