25.The Criterion

  1. Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır
  2. Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir
  3. Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər
  4. Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər
  5. Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər
  6. De: “Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”
  7. Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi
  8. Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər
  9. Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər
  10. İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır
  11. Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq
  12. Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər
  13. Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər
  14. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
  15. De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?”
  16. Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir
  17. O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
  18. Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”
  19. Kafirlərə deyiləcəkdir: “Onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”
  20. Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir
  21. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər
  22. Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: “Cənnətə girməyiniz qadağandır, qadağan!”
  23. Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik
  24. Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır
  25. Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir
  26. Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır
  27. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim
  28. Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım
  29. Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır
  30. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək
  31. Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər
  32. Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik
  33. Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək
  34. Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir
  35. Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik
  36. Onlara: “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik
  37. Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq
  38. Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik
  39. Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik
  40. Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar
  41. Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs
  42. Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar
  43. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən
  44. Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar
  45. Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik
  46. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik
  47. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur
  48. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki
  49. onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək
  50. Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər
  51. Əgər istəsəydik, hər kəndə qorxudan bir peyğəmbər göndərərdik
  52. Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et
  53. Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur
  54. Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadirdir
  55. Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı şeytana köməkçidir
  56. Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik
  57. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”
  58. Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir
  59. O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş
  60. Onlara: “Mərhəmətli Allaha səcdə edin!”– deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar
  61. Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır
  62. Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur
  63. Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!”– deyərlər
  64. Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər
  65. Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir
  66. Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”
  67. Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar
  68. Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar
  69. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar
  70. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir
  71. Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar
  72. Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər
  73. Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar
  74. Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”
  75. Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar
  76. Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır
  77. De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”