26.The Poets

  1. Ta. Sin. Mim
  2. Bunlar aydın Kitabın ayələridir
  3. Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən
  4. Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi
  5. Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər
  6. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir
  7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər
  8. Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı
  9. Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  10. Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
  11. Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
  12. Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr
  13. belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər
  14. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”
  15. Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik
  16. Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik
  17. İsrail oğullarını bizimlə birgə burax!”
  18. Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı
  19. Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
  20. Musa dedi: “Mən onu edəndə nadan olmuşam
  21. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi
  22. Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”
  23. Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
  24. Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
  25. Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
  26. Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
  27. Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
  28. Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
  29. Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
  30. Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
  31. Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
  32. Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi
  33. Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu
  34. Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır
  35. O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
  36. Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki
  37. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”
  38. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar
  39. Camaata deyildi: “Siz də yığışırsınızmı
  40. Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”
  41. Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
  42. Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”
  43. Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
  44. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər
  45. Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu
  46. Sehrbazlar səcdəyə qapandılar
  47. və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
  48. Musanın və Harunun Rəbbinə!”
  49. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”
  50. Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq
  51. Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”
  52. Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– deyə vəhy etdik
  53. Firon şəhərlərə əsgər toplayanlar göndərdi
  54. O dedi: “Bunlar kiçik bir dəstədir
  55. Onlar bizi qəzəbləndirmişlər
  56. Biz hamımız ayıq-sayıq olmalıyıq”
  57. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq
  58. xəzinələrdən və gözəl yerlərdən də qovduq
  59. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik
  60. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar
  61. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər
  62. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”
  63. Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu
  64. O birilərini də ora yaxınlaşdırdıq
  65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik
  66. O birilərini isə suya qərq etdik
  67. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi
  68. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  69. Onlara İbrahimin əhvalatını da oxu
  70. Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi
  71. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”
  72. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi
  73. Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
  74. Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”
  75. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
  76. həm siz, həm də ulu babalarınız
  77. Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir
  78. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir
  79. O Rəbb ki, məni yedirdir və içirdir
  80. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir
  81. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir
  82. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram
  83. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur
  84. Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə
  85. Məni Nəim bağının varislərindən et
  86. Atamı bağışla! Çünki o, azanlardandır
  87. Onların dirildiləcəyi gün məni rüsvay etmə
  88. O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək
  89. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
  90. Cənnət müttəqilərə yaxınlaşdırılar
  91. Cəhənnəm də azğınlara göstərilər
  92. Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
  93. Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
  94. Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar
  95. İblisin bütün əsgərləri də habelə
  96. Onlar orada höcətləşərək deyərlər
  97. “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
  98. o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq
  99. Bizi ancaq günahkarlar azdırdı
  100. İndi isə bizim nə şəfaətçilərimiz
  101. nə də bizə canıyanan bir dostumuz var
  102. Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
  103. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
  104. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  105. Nuh tayfası da elçiləri yalançı saydı
  106. O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz
  107. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm
  108. Allahdan qorxun və mənə itaət edin
  109. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
  110. Allahdan qorxun və mənə itaət edin!”
  111. Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
  112. Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm
  113. Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz
  114. Mən iman gətirənləri qovan deyiləm
  115. Mən yalnız açıq-aşkar bir qorxudanam”
  116. Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”
  117. Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi
  118. Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
  119. Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik
  120. Yerdə qalanları isə suya qərq etdik
  121. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
  122. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  123. Ad tayfası da elçiləri yalançı saydı
  124. O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz
  125. Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
  126. Allahdan qorxun və mənə itaət edin
  127. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
  128. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)
  129. Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz
  130. Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı
  131. Allahdan qorxun və mənə itaət edin
  132. Bildiyiniz nemətləri sizə verəndən qorxun
  133. O sizə heyvanat və oğul-uşaq verdi
  134. üstəlik bağlar və çeşmələr də əta etdi
  135. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”
  136. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir
  137. Bu, yalnız və yalnız əvvəlkilərin adətidir
  138. Biz əzaba düçar olan da deyilik”
  139. Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi
  140. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  141. Səmud tayfası da elçiləri yalançı saydı
  142. O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz
  143. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
  144. Allahdan qorxun və mənə itaət edin
  145. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
  146. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız
  147. Bağlar və bulaqlar içində
  148. əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız
  149. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz
  150. Allahdan qorxun və mənə itaət edin
  151. Həddi aşanların əmrinə tabe olmayın
  152. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”
  153. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən
  154. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”
  155. Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz)
  156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”
  157. Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular
  158. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
  159. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  160. Lut tayfası da elçiləri yalançı saydı
  161. O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz
  162. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm
  163. Allahdan qorxun və mənə itaət edin
  164. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
  165. Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
  166. və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”
  167. Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
  168. O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm
  169. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
  170. Biz onu və onun bütün ailəsini xilas etdik
  171. Geridə qalanlar arasındakı yaşlı qadından başqa
  172. Sonra da o birilərini darmadağın etdik
  173. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş
  174. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi
  175. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  176. Əykə əhli də elçiləri yalançı saydı
  177. O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz
  178. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
  179. Allahdan qorxun və mənə itaət edin
  180. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
  181. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın
  182. Düz tərəzi ilə çəkin
  183. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin
  184. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
  185. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən
  186. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik
  187. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”
  188. Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”
  189. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi
  190. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi
  191. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
  192. Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir
  193. Onu sadiq Ruh (Cəbrail) endirdi –
  194. sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan
  195. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi
  196. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır
  197. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi
  198. Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
  199. və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər
  200. Biz küfrü günahkarların qəlbinə belə salarıq
  201. Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar
  202. O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir
  203. Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
  204. Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər
  205. Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək
  206. sonra vəd olunduqları əzab onlara yetişsə
  207. onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz
  208. Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik
  209. Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq
  210. Quranı şeytanlar endirmədi
  211. Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər
  212. Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər
  213. Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan
  214. Ən yaxın qohumlarını qorxut
  215. Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)
  216. Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
  217. Qüdrətli və Rəhmli olana təvəkkül et
  218. O səni namaza duranda da görür
  219. səcdə edənlər içində hərəkət edəndə də
  220. Həqiqətən də, O, Eşidəndir, Biləndir
  221. Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi
  222. Onlar hər bir yalançıya və günahkara nazil olarlar
  223. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır
  224. Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar
  225. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
  226. və etmədikləri şeylərə aid söhbət açırlar
  227. Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər